Zorxana nədir?

Bu idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Zor – “güc”, xana isə – “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə gedib çıxır. Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub.

Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış.

Zorxanalarda nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadənin məşqləri keçirilərmiş.

İdman növü kimi isə “Zorxana”, yalnız 17-18-ci əsrlərdə Pur Vəli tərəfindən yaradılıb. Pur Vəli əslən Gəncəli olub.

Zorxana idman yarışları 3 gün sürür. Birinci gün komanda yarışları olur. Komanda tərkibi 7 nəfərdən ibarətdir. Bir nəfər kapitandır. Kapitan “miyandar” – yəni “ortaçı” adlanır, o ortada hərəkətləri göstərir və digər 6 idmançı onunla sinxron olaraq bu hərəkətləri təkrarlayır.

“Bu hərəkətlər indiki güləşin “can qızdırmaları”ndan ibarətdir. Əvvəlcə güləş elə zorxananın daxilində olub” – deyir kapitan.

İkinci gün isə fərdi yarışlar başlanır. İdmançılar bir-bir yarışın növlərində qarşılaşırlar. İlk olaraq mil alətləri nümayiş etdirilir. Bu qılınc və toppuzun məşqidir. Millər müxtəlif çəkilərdə olur. İki kiloluq “milbazi”dən tutmuş, 20 kiloluq “milsəngi”yə qədər.

İkinci növün adı “Kəbbadə”dir. Burada zəncirə oxşar dəmir alət idmançı tərəfindən saga-sola yellədilir. Bu yay və oxun məşqidir. Kəbbadə ox atmaqda qolları gücləndirir.

Üçüncü növ “səng” daşlarıdır. Səng daşları qalxanın məşqidir. Bir səng daşı 20 kilodur.

Dördüncü növ isə “çərxitiz”dir. Çərxitiz zamanı idmançı bir dəqiqə ərzində, yarim metr dairə radiusunda surətlə fırlanmalıdır.

Növbəti isə “çərxiçəməni”dir. Bu zaman isə idmançı daha böyük radiusda 3 dəqiqə fırlanmalıdır.

Yarışmanın sonuncu günü isə zorxana güləşi yarışları baş tutur. Bu güləş növü sərbəst güləşə bənzəsə də, ondan iki fərqi var. Birinci fərq, geyinilən şalvardır. Dizdən olan bu şalvar “nəti” adlanır. İkinci fərqi isə ondadır ki, bir idmançının kürəyi yerə dəyirsə, oyun bitir və o məğlub olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir