Azərbaycandan dünyaya yayılan ZORXANA – Modern.az

Qısa müddətdən sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bu oyunlarda 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparacaq. İdman oyunlarının əhəmiyyətli məqamlarından biri də bura yeni idman növünün zorxananın əlavə edilməsi oldu. Azərbaycanın milli idman növü olan zorxananın beynəlxalq yarışın reqlamentinə salınması onun nüfuzunun daha da artmasına səbəb olacaq.

Modern.az zorxana və onun tarixi haqqındakı faktları təqdim edir: Milli idman növlərimizin bir çoxu təəssüflər olsun ki, tamamilə sıradan çıxıb. Yalnız folklorçuların araşdırma mövzusu olan həmin oyunlar elə nəzəri müddəaları ilə bizə təqdim olunur. Müasir dövrümüzə qədər gəlib çıxan milli idman oyunları isə bunlardır: zorxana, pəhləvan güləşi, dirədöymə, çalağan çardağı, çarpapaq, çovqan (çövkən), dədəboyu, nərd.
Qədim tarixə malik bu idman növlərinin əksəriyyəti artıq beynəlxalq status qazanıb. Belə ki, hazırda zorxana üzrə dünya çempionatı keçirilir. 

1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradıldı ki, ora 6 milli idman növü – milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi daxildir. Azərbaycan milli  idman növü olan zorxana  və   pəhləvan güləşi  2007-ci ildən  Beynəlxalq  Zorxana  İdman  Federasiyalarının üzvüdür.  52 üzvü olan Beynəlxalq Zorxana İdman Federasiyası  tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası iştirak edir.

Qədim tarixə malik olan zorxana idman yarışları 7 əsr bundan əvvəl sistemləşdirilib. Zorxanada zurnaçı dəstəsi “Cəngi” çalardı. Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz mərasimlərindən sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, peşəyə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrində belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb. Pəhləvan xalq ruhundan doğan real bir obraz idi. Zorxana yarışlarının əsas diqqət mərkəzində də onlar olub. Azərbaycanın pəhləvan güləşi ilə məşğul olan idmançıları dünyanın bir çox ölkələrində heyrət obyektinə çevriliblər. Vaxtilə “altıaylıq pəhləvan” adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı – abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanan  pəhləvanlar olublar.

Azərbaycanın dünya çapında ən çox tanınan qəhrəmanı isə Sali Süleyman olub. O, Avropa, Amerika və Asiyanın bir çox şəhərlərində- Vyana, Paris, London, Roma, Çikaqo, Vaşinqton, Moskva, Tiflis və s. Azərbaycan güləş məktəbinin adını ucaldıb. Zorxanadan danışmışkən daha bir tarixi idman oyunumuz olan Çövkəndən bəhs etməyimiz də yerinə düşərdi:

Çövkən: Keçmişimizdən bizə miras qalan, komanda, cəm şəklində mübarizənin əsas düsturlarını ustalıqla özündə cəmləşdirən çövkən ən qədim idman oyunlarımızdandır. Bu idman növü müasir polo, su polosu, hətta futbolun da əcdadı sayıla bilər. Çövkən oyunu üçün xüsusi Qarabağ atları hazırlanırdı. Oyunun mahiyyəti ondan ibarətdir ki, burada iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Hər komandanın tərkibi 7 nəfərdən ibarətdir.  Çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmasınıAzərbaycanın böyük uğuru hesab etmək olar.

Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsindəinglislərin rolu böyük olub. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlanıb. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilib. 

E. Nazimoğlu

https://modern.az/az/news/129578/azerbaycandan-duumlnyaya-yayilan-zorxana

Paylaş: