Ahıl yaşımda 50-illik dostumu itirdim – Olimpnews.az

“50” il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışan gənclik dostlarımdan birini də itirdim: Xanlar Qurbanov!

Qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli və müdrik adamlar hesab olunub, onlara hamı hörmətlə yanaşıb. Bəzən ahıl insanları uşağa da bənzədirlər. Yəni yaşlandıqca onlar da uşaq kimi kövrək, hər sözdən inciyən, yumşaq qəlbli olurlar. Amma uşaqlardan fərqli olaraq onların hansısa bir hədiyyə ilə könlünü almaq olmaz. Onların sadəcə qayğıya, xoş rəftara ehtiyacı var. Artıq geridə qoyduğu, keçib gedən illərin arxasınca baxan həmin insanların qəlbini oxşamaq isə bu gün onlar üçün təsəllidir. 

Yəni artıq gəncliyini geri qaytara bilməyəcək bu insanlar ahıl yaşlarında ən azından rahat bir şəkildə yaşayaraq o günləri xatırlamağa çalışırlar. Onlar üçün bu rahat şəraiti yaratmaq, qayğılarına qalaraq dəstək olmaq isə hər birimizin mənəvi borcudur. Bu gün övladlarının əhatəsində, rahat, gözəl bir şəraitdə yaşlılıq günlərini yaşayan ahıllarla yanaşı parkda skamyada oturaraq keçmişini xatırlayan, mağazadan ərzaq alıb əsasına söykənə-söykənə evinə gedən, yaxud övlad sevgisinə möhtac qalıb ömrünü qocalar evində sürdürən və hər addım səsinə gözü qapıya dikilən ahıllarımız var.

Fikrimcə, fərdi xüsusiyyətləri və təsadüfləri istisna etməklə, yaxşı halda 6-14 yaşı uşaqlıq, 15-18 yaşı yeniyetməlik, 19-40 yaşı gənclik, 41-70 yaşı kamillik, 71-80 yaşı ahıllıq, 81-90 yaşı qocalıq dövrü, 90-dan yuxarı yaşı uzunömürlülük adlandırmaq olar.

Ahıl dünyəvi, milli dəyərlərin, adət-ənənələrin sədaqətli qoruyucusuna çevrilir. Adamlarla elə yaşayıb davranmağa çalışır ki, sanki Allah onu görür , allahla fikrən elə danışır ki, guya adamlar onu görür.

Cavan gözləri, ahıl ağlı və dərrakəsi ilə daha dərin, daha geniş, aydın və mükəmməl görür. Ona görə də birincisi gördüyünə, ikincisi ağlına və məntiqinə daha çox inanır.

Gənclik yeniyetməliyin, kamillik gəncliyin səhvlərini görür. Bunu dərd edib ürəyini sıxmır, nəticə çıxarmağı daha önəmli sayır.

Əsil müdrik təkcə işdə, ictimaiyyətdə, xalq arasında deyil, şəxsi həyatında – ailədə, xəlvətdə, tənhalıqda da şəxsiyyətinin böyüklüyünü qoruyub saxlayır.

Ahılların fiziki zəifliyi onları praktik işdən uzaşqlaşdırır. Lakin elə zəruri, vacib işlər var ki, həlli enerjidən daha çox müdriklik, təcrübə tələb edir. Ona görə də antik Roma Respublikasının Ali Dövlət Şurası senat – ağsaqqallar, müdriklər Məclisi adlandırılmışdır.

Məşhur Roma filosofu, müdrik natiq, zəmanəsində hamı tərəfindən «millətin atası» kimi qəbul edilən Mark Tulli Siseronun fikrinə görə, çox vaxt cavanların səriştəsizliyindən dağılan dövlətlər, onlardan sonra gələn qocaman dövlət başçıları tərəfindən bərpa olunmuşdur.

Dahi filosof İsokrat 90, faciə ustası Sofokl 94 yaşında ən mükəmməl və dəyərli əsərlərini yaza-yaza keçinmişlər. Uinston Çörçillin İkinci Dünya müharibəsindən sonra – ahıl yaşlarında irəli sürdüyü «Dünyada yeni düzən» strateji konsepsiyası bu gündə aktuallığını itirməmiş, qocalığındakı ədəbi fəaliyyəti Nobel mükafatına layiq görülmüşdür . 86 yaşlı Zbiqnev Bzejinski hazırda ümumdünya siyasətinin aparıcı fiqurlarından biridir.

Xanlar müəllimin alimliyi, insanlığı ictimaiyyətimizə məlumdur. Mən Xanlar müəllimi insan qəlbini gözəl bilən alim, təcrübəli müəllim, tələbələrinə atalıq qayğısı bəsləyən ustad tərbiyəçi kimi tanıyırdim. Mən onu bir insan kimi başqalarından ötrü şam kimi əriyən, insnların səadəti üçün öz mənafeyinin qurban verməyi baçaran tələbələri tərəfindən sevilən bir şəxs kimi tanıyırdım.

Doğurdanda yaxşı işləri vaxtında görmək düzgündür. Dostum Xanlar müəllimin bu ömür salnaməsinə nəzər yetirdikdə, bu yaxşı işlərin nə qədər böyük olduğunun şahidi olursan.

Yaxşılıq etmək Xanlar müəllimin həyat devizidi. Kim ondan nə xahiş etsə yerinə yetirirdi. Uşaq kimi kiçiyin də, böyüyün də qabağına düşüb əlindən gələni əsirgəmirdi. Ən müşkül işi belə dözməyə, ən çətin bir məsələni belə həll etməyə gücünü, imkanlarını sərf edirdi. Özü üçün etməyə üzü gəlməyən işləri başqaları üçün görməyə həmişə hazır idi Xanlar müəllim.

İnsanın bu dünyada yaxşı dosta çox ehtiyacı vardır. Onunla qəmini, qüssəni, sevincini bölüşmək, ondan faydalı məsləhətlər almaq istəyirsən və buna ehtiyac duyursan. Bu elə bir ehtiyac hissidir ki, onun yerini başqa bir şeylə doldurmaq olmur. Bu hiss yaşına və zamanına baxmır, insanın yarandığı ilk gündən bu ehtiyac hiss olunur. Bu hiss yeniyetmələrdə və uşaqlarda daha qüvvətli olur. Dost nədir?” sualının cavabı belədir: ” İki bədəndə yaşayan bir ruh” (Aristote).

İmam Sadiq (ə) buyurur: “Yaxşı dost sanki küləkdir ki, Gülüstanda əsir. … Əgər dostun yaxşıdırsa, həmin o külək kimidir ki, Gülüstandan keçən zaman onun ətrini götürər. Yaxşı dost səni ətirli edər, amma əksinə, pis dost atəş kimidir və əgər siz o atəşlə təmasda olsanız, o, sizi yandırar”.

Zənnimcə, bu ali keyfiyyətlər Xanlar müəllimə ​ saf ​ ana südündən, müqəddəs ailə tərbiyəsindən, əsilli-nəsilli soykökündən gəlirdi. Arı bal yığan kimi Xanlar müəllim də ömrü boyu nəcib insani əməlləri zərrə-zərrə toplamışdır. Hesab edirəm ki, bu cür müdrik insanlar xalqımızın əsl milli sərvəti sayıla bilər. Bu cür insanlar zaman və məkan daxilində insanşünaslıq qanununu təkmilləşdirən, onu saflaşdıran və bununla da cəmiyyətə sağlam ab-hava gətirən şəxsiyyətlərdəndir. Belə bir insani ali rütbəni dövlətin qanuni, hökümətin qərarı ilə verilmir, bu ali mərtəbəni həyatda gərək özün qazana biləsən. Bütün bu deyilənlərlə yanaşı Xanlar Qurbanov milli vətənpərvərlik sahəsində də xüsusi fəallıq göstərmişdir.

Xanlar Qurbanov xalqını, vətənini sevən, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəni irsimizi, adət ənənəmizi, fiziki mədəniyyət və qəhrəmanlıq tariximizı daimi aşılayan xalqımızın vətənpərvər oğlu idi.

Xanlar müəllimi həmkarlarından fərqləndirən ən mühüm cəhət onun sadəliyi, səmimiliyi, qayğıkeşliyi və vətənpərvərliyidi.

Xanlar müəllim son dərəcə saf, səmimi, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı, sədaqətli dost idi..

Xanlar müəllimin xatirəsi bütün Azərbaycan idman ictimaiyyətinin, ziyalılarının, təhsil və elmi ictimaiyyətinin qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!

Dilqəm Quliyev
pedaqogika üzrə elmlər doktoru, professor

https://www.olimpnews.az/post/15637/ahil-yasimda-ldquo50rdquo-illik-dostumu-itirdim-2020-08-09-232109#.Xz4B4uo-SEt.whatsapp

Paylaş: