Böyük pedaqoq 70-illik yubileyini qeyd edir

Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Bunun da əsas göstəricisi fərdin fiziki imkanları və ilk növbədə, gücü idi. Obrazlı desək, indinin özündə də kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür.

20 yanvar SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, Milli idman növləri assosiasiyasının prezidenti, olimpiya akademiyasının vitse-prezidenti, Avropa beynəlxalq zorxana konfederasiyasının 1-ci vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovun doğum günüdür.

O, 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan dövlət bədən tərbiyəsi institutuna daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi alıb. 1972-ci ildə həmin ali məktəbi bitirib. 1977-ci ildə “Güləşmə və onun metodikası” kafedrasının baş müəllimi təyin olunub. 1982-ci ildə ümumittifaq dərəcəli hakim adına layiq görülüb. Sonra 1986-cı ildə ümumittifaq bədən tərbiyəsi elmi – tədqiqat institutu (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alıb, 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlib. 1988-ci ildə məşqçilik fakultəsinin dekan müavini təyin olunub. 1989-cu ildə “Güləşmə və onun metodikası” kafedrasının müdiri seçilib.

1990-cı ildə Azərbaycan milli idman növləri assosiasiyasının prezidenti, milli olimpiya komitəsinin üzvü, Azərbaycan güləş federasiyasının üzvü, Bakı şəhər sovetinin deputatı (1990-1995) seçilib. 1993-cü ildə Beynəlxalq güləş federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilib, 1994-cü ildə professor dərəcəsinə yüksəlib. 1994-2007-ci illərdə AGF-in icraiyyə komitəsinin üzvü olub. 1995-ci ildə İstanbul tibb universitetinin fəxri professoru kimi fəaliyyətini davam etdirir. 1995-2003-cü illərdə qadın güləş yığmasının baş məşqçisi olub. 1996-cı ildə olimpiya akademiyasının vitse-prezidenti seçilmişdir.

2001-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Elə həmin ildə Yeni Azərbaycan Partiyasının üzvü olub, 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın beynəlxalq dərəcəli hakimi və Əməkdar bədən tərbiyəsi və idman xadimi dərəcəsinə nail olub. 2007-ci ildən Azərbaycan zorxana idman federasiyasının prezidenti kimi fəaliyyətini davam etdirir. Xanlar Qurbanov 200-dən çox elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir. AzDBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiridir. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Evlidir, üç övladı var.

Paylaş: