Ot kökü üstə bitər: Milli idman növləri assosiasiyası etibarlı əldədir – Allsport.az

«İgidlik ondur, doqquzu qaçmaq» məsəlinin həqiqət tarixçəsinə rəğmən, milli kökə bağlı idman növlərimizin Azərbaycandakı ənənələrini və rolunu zərrə qədər də azalmayıb. Elə bu günün özündə hansı obaya, oymağa, kəndə ayaq qoysan, təfəkkürün, təlim-tərbiyə, mühit və sosial davranış həqiqətlərinin qoçaqlıq və igidlik ruhuna söykənən bahadırlıq üzərində qurulduğunu əyani hiss edə bilərsiniz. Obrazlı desək, indinin özündə də kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür. Bu, Azərbaycan üçün milli özünüqoruma instinkti olub və belə də qalır. Müstəqillik qazandıqdan sonra ölkəmiz, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, ölkənin simasına çevrilən növlərə dəstək verilməsi vacibdir.

Bunu, ilk olaraq, SSRİ idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının uzun illər müdiri olmuş professor Xanlar Qurbanov etdi. 1990-cı ildə Azərbaycan milli idman növləri assosiasiyasını təsis edən mütəxəssis, igidlik və qəhrəmanlıq salnamələrimizi dünyada tanıtmağa başladı. Zorxana, milli güləş, çövgən, dirədöymə, çalağan çardağı, çarpapaq, dədəboyu, qalaqapı, nərd və digər özidmanımız maraqla qarşılandı. Zaman-zaman yurd içində beynəlxalq yarışlar keçirildi. Zirvə nöqtəsi isə, adı ilk çəkilən növün 2017-ci ildə Bakıda keçirilmiş İslam həmrəylik oyunlarının proqramına salınması oldu. Bu məsələdə Xanlar müəllimin düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları böyük rol oynadı. Onun 2008-ci ildə Koreya Respublikasının Bussan şəhərində Avropa zorxana idmanı konfederasiyasının hesabat seçki konfransında vitse-prezident və texniki komitənin sədri seçilməsi təsadüfi deyildi.

Ümumən, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”nin uğurlu fəaliyyət yolu var: Bakı şəhər sovetinin deputatı (1990-1995) seçilib, 1993-cü ildə beynəlxalq güləş federasiyasının  elmi komissiyasının üzvü seçilib, 1995-2003-cü illərdə qadın güləşi üzrə yığmanın baş məşqçisi olub. 1996-cı ildə olimpiya akademiyasının vitse-prezidentliyi etimad olunub. 2001-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Elə həmin ildə Yeni Azərbaycan Partiyasının üzv olub, 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın beynəlxalq dərəcəli hakimliyinə yüksəlib. O, milli olimpiya komitəsində də yer alıb.

Xanlar müəllim AMİNA-ya rəhbərlik etdiyi dönəmdə tələbələri nüfuzlu beynəlxalq arenalarda uğurlu nəticələr göstəriblər. Zorxana millisinin kapitanı Xəyyam Orucov 4-qat Avropa çempionu, 2-qat dünya kubokunun qalibi və İslamiadanın 2 gümüş və 1 bürünc mükafatçısıdır. 2009-cu ildə zorxana və pəhləvan güləşi üzrə Bakıda keçirilmiş ilk dünya kubokunda ağır çəkidə bütün rəqiblərinə qalib gələn Vüqar Qurbanov BZİF tərəfindən “Cahani pəhləvan” (dünya pəhləvanı) adına layiq görülüb və “Qızıl bazubənd” mükafatı ilə təltif edilib. Adı çəkilənlərdən savayı, Vüsal Cavadov 3-qat qitə çempionu, elə bu sayda dünya kubokunun qalibi və 1 dəfə dünya çempionu olub. Məmmədi Salmanov 2-dəfə dünyada və 1 dəfə Avropada hamını üstələyib, İslam oyunlarında 1 gümüş və 1 bürünc medala yetişib. Rəsul Səfərov dünya və qitə çempionu, Həsən Bayramov  dünya çempionatının gümüş mükafatçısı və 2-qat Avropa çempionudur. Orxan Xanlarov da bu nəticələri göstərib. Amma onun medal boğçasında İslamiadanın 2 gümüş və 1 bürünc medalları da var. Tural Əliyev də Bakı-2017-də böyük hünər göstərərək, bu mükafatlara yiyələnib. Araz Cəfərov 2009-cu ildə Bakıda keçirilmiş zorxana və pəhləvan güləşi üzrə ilk dünya kubokunun finalçısıdır. Onun qardaşı Ayaz Cəfərov milli qurşaq idmanı üzrə baş məşqçidir, AzDBTİA-da aparıcı gənc müəllimlərdəndir.

Bu il 70-illik yubileyini qeyd edən tanınmış pedaqoq hələ çox yaşayıb yaradacaqdı. Amma dünyanı qəfil cənginə alan və hələ də çarəsi tapılmayan “taclı bəla” ona da qıydı, hamımızın sevimlisi avqust ayında gözlərini əbədi yumdu. Ümidverici odur ki, Xanlar müəlimin arsuzu ürəyində qalmayacaq. Çünki onun da işini uğurla apara biləcək layiqli davamçısı – Kazım Qurbanov var. Ümumən, Qurbanovlar ölkəmizdə tanınmış güləşçi ailəsidir və onlar Azərbaycan idmanına böyük tövhə veriblər. Ölməz ustadın xatirəsi 1977-ci ildən çalışdığı dövlət bədən tərbiyəsi və idman akademiyasında əbədiləşdirilib. Əsaslı təmirdən sonra bu ilin sentyabrında yenidən istifadəyə verilən güləş zalında onun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Zalın açılışında gənclər və idman naziri Azad Rəhimov, güləş federasiyasının prezident əvəzi Namiq Əliyev və akademiyanın rektoru Fuad Hacıyev iştirak ediblər. 

Avqust ayında Xanlar Qurbanovun vəfatından sonra, bu vəzifəni 2012-ci ildən AMİNA-da vitse-prezident olan Kazım Qurbanov yerinə yetirib. Uzun illər təşkilata rəhbərlikdə böyük təcrübə toplayan, öz bacarığı ilə fərqlənən gənc mütəxəssis ötən il “Əməkdar məşqçi” fəxri adına layiq görülüb. Bu yaxınlarda təşkilatın qərargahında üzvlərin rəyi nəticəsində prezidentliyə  namizədliyi verildi və seçki yığıncağının iştirakçılarının yekdilliyi ilə rəhbər seçildi. Toplantıda AMİNA-nın rəhbərliyinin yeni tərkibi də müəyyənləşdi: 1-ci vitse-prezident Cavanşir Qurbanov, vitse-prezidentlər – Məmmədvəli MüstafayevŞamil ƏlifovCəlal Qurbanov, Mehman QasımovYusif Mehdizadə, Hacımurad Əliyev və Samir Abdullayev. Baş katibliyə Seymur Qurbanov seçildi. İdarə heyətinə bu şəxslərdən savayı, baş məqşçi Ağayusif QurbanovFərhad OcaqverdiyevƏləkbər ƏliəfsərovSamir Osmanov və Sədra Quliyev daxil oldular.

Kamran HACI

Paylaş: