Kamran Hacı

Kamran Eldar oğlu Hacı 1977-ci il sentyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində doğulub. 8-16 yaşlarında “Təhsil” respublika idman mərkəzinin 3 saylı respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində Eldar Əliyevin rəhbərliyi ilə bu idmanla məşğul olub. 1-ci dərəcəli şahmatçıdır. Sərbəst güləşdə idman ustalığına namizəddir. Yeniyetmə dövründə cüdo və bodibildinqlə həvəskar məşğul olub.

1996-2000-ci illərdə ABU-nun beynəlxalq hüquq, 2008-2012-ci illlərdə AzDBTİA-nın «Güləşmə və onun metodikası» fakültələrində ali təhsil alıb.

İdman mətbuatına gəlişi 2000-ci ilə təsadüf edib. Başlanğıcda «Faktor»,  «Proqnoz» və «Dünyaya pəncərə» adlı ictimai-siyasi nəşrlərdə məqalələri işıq üzü görüb. Sonra «Futbol+qol» (2002-2006), «Mərkəz» (2004-2006), «Futbol+» (2007), gənclər və idman nazirliyinin rəsmi orqanı «İdman» qəzetlərində (2006-2014) müxbir vəzifəsində çalışıb. Bu mətbu orqanlarda əsasən olimpiya idman növləri sahəsində məqalələr yazıb.

2009-2010-cu illərdə Azərbaycan güləş federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentində müxbir işləmib. AGF-in rəsmi orqanı «Güləşçi» jurnalının ilk 3 sayının 2 buraxılışında məsul katib olub. 2010-cu ildə Bakıda güləş üzrə Avropa çempionatının xüsusi nəşrinin hazırlayıb. AGF-in rəsmi internet səhifəsi awf.az.org-un quruculuğunda yaxından iştirak edərək, şəxsi arxivdən Azərbaycan pəhləvanlarının SSRİ dövründən indiyədək Avropa, dünya və olimpiya oyunlarında qazandıqları uğurların statistikasını təqdim edib.

Müxtəlif illərdə azerisport.com (2007, 2013), apasport.az (2011) və Salamnews.org (2011) saytları ilə əməkdaşlıq edib. 2011-2014-cü illərdə «İdman» qəzetinin əlavəsi olan idman.com.az saytının redaktor müavini olub.

Ay-ayrı dönəmdə aparıcı federasiyalar tərəfindən Fəxri diplom və özəl hədiyyələrlə mükafatlandırılıb. 2010-cu ildə Azərbaycan idman iurnalistləri assosiasiyasının sorğusunda «İlin jurnalisti» seçilib.

30 mart – 30 iyun 2015-ci il tarixlərində Bakı Avropa oyunları əməliyyat komitəsində (BAOƏK) media mütəxəssisi vəzifəsində çalışıb. 26 aprel – 6 iyunda bütün ölkə ərazisi üzrə 42 günlük Məşəl festifalında heyətdə yer alan yeganə azərbaycanlı jurnalist olub.

Gənclər və idman nazirliyi tərəfindən 2 dəfə (2012, 2017) Fəxri diplomla təltif edilib. Gənclər və idman nazirliyinin kollegiyasının 2017-ci il 1 dekabr qərarına əsasən, «Fəxri bədən tərbiyəçisi və idman işçisi» adına layiq görülüb. 2019-cu illərdə “Zirve Awards” və “Zəfər” beynəlxalq idman mükafatlarını alıb.

2014-cü ilin noyabrda Allsport.az saytını təsisçisi və baş redaktorudur. Öz maliyyə hesabına yaradılan bu portal bütün idman növlərini əhatə edir və təmənnasız olaraq Azərbaycan idman ictimaiyyətinə xidmət edir. Allsport.az 1-ci Avropa və İslam oyunlarının təbliğində ən operativ və ən yaxından iştirak edən saytlardan biri olub. Ölkədə olimpiya növlərində idmançılarımızın olimpiadalar, dünya və Avropa çempionatlarında uğurlarının statistikasını aparan tək-tük mütəxəssislərdəndir.

Son 2 ildə Azərbaycan respublikasının diasporla iş üzrə dövlət komitəsi ilə əməkdaşlıq edir. Mötəbər beynəlxalq yarışlara səfər edərək (yarısı dövlət və federasiyalar, yarısı da öz hesabına) ölkə xaricində təhsil alan və yaşayan həmyerlilərimizin arenalara cəlb edilməsi və milli komandalarımıza dəstəyinin təşkilində vasitəçi olur. Komitə ilə bu iş Vətənə xidmət – sırf ictimai əsaslarladır.

2020-ci noyabrın 12-də Azərbaycan milli idman növləri assosiasiyasının növbədənkənar konfransından sonra keçirilmiş idarə heyətinin ilk iclasında, yeni seçilmiş AMİNA prezidenti Kazım Qurbanovun sərəncamı ilə quruma mətbuat katibi təyin olunduğu elan edilib.

Paylaş: