I vitse-prezident – Cavanşir Qurbanov

Cavanşir Kazım oğlu Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində doğulub. 1962-ci ildə Ordu idman klubunda güləşin sərbəst növü ilə məşğul olub. Dəfələrlə Azərbaycan çempionu, ümumittifaq və beynəlxalq turnirlərdə mükafata layiq yerlər tutub.

1972-ci il¬də Azərbaycan xalq təsərrüfatı institutunu (indiki UNEC) bitirib. Sonra Azərbaycan bədən tərbiyəsi institutuna (indiki AzDBTİA) daxil olub. 2-ci ali təhsilini davam etdirməklə yanaşı, Bakı xalq maarifi şöbəsinin Güləş idman məktəbində məşqçi, eləcə də məktəbin müdiri vəzifəsində çalışıb. Məktəbə rəhbərlik etdiyi 1990-cı ilə qədər orada sərbəst güləş üzrə SSRİ, dünya və Avropa çempionu Xəzər İsayev, yunan-Roma güləşində qitə çempionu, dünya çempionatının gümüş mükafatçısı Natiq Eyvazov, Avropa çempionatının gümüş medalçısı Azad Əliyev, gənclərdə SSRİ birinciliklərinin qalibləri Tapdıq İsmayılov, Seymur Kərimov, Bayram Abdullayev, Əfqan Məmmədov, Həmid Rəsulov, Bəhruz Məmmədov kimi tanınmış pəhləvanlar yetişib. Onun özünün şəxsi məşqçilik fəaliyyətinin məhsulu 10-a yaxın idman ustası və müxtəlif dərəcəli idmançılardır. Onların arasında 2003-cü ilin sərbəst güləş üzrə Avropa çempionatında bürünc mükafatçısı və Afina olimpiadasında 5-ci olmuş Rüstəm Ağayevi xüsusi qeyd etmək lazımdır.
Cavanşir Qurbanovun Azərbaycan güləş federasiyanın 1-ci vitse-prezidenti kimi fəaliyyət dövrü şanlı səhifələrlə zəngindir. Bu illər ərzində bahadırlarımız 2 qızıl və 1 gümüş olmaqla, 3 olimpiya medalına sahib olublar.

Beynəlxalq güləş federasiyası ölkəmizdə güləşin inkişafına verdiyi töhfələrin əvəzində, onu özünün qızıl medalına layiq bilib. 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatında o vaxtkı FİLA prezidenti Rafael Martinetti daha bir mükafatı – Senatorlar klubunun qızıl medalını ona təqdim edib.
Azərbaycan prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. “Fəxri bədən tərbiyəsi və idman işçisi”, xalq maarifi əlaçısı və MOK üzvü həm də “Təfəkkür” universitetinin “Bədən tərbiyəsi” kafedrasının müdiridir. Professorun idman nəzəriyyəsi və tədris metodikası sahəsindəki yarıdıcılığı da təqdirəlayiqdir. İndiyə kimi onun qələmindən 20-yə yaxın elmi məqalə və metodiki vəsait çıxıb.
2017-ci ildə 70-illik yubileyi mübasibəti və ölkə idmanında əvəzsiz xidmətləri müqabilində ölkə başçısı İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Paylaş: