Namiq Abdullayev – 50!

Yanvarın 4-də müstəqil Azərbaycan idmanının canlı əfsanəsi – olimpiya çempionu və sərbəst güləş millisinin Namiq Abdullayevin 50 yaşı tamam olur. Bu münasibətlə AGF-in prezident əvəzi Namiq Əliyev yubilyarla görüşüb və onu təbrik edib.

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin də iştirak etdiyi görüşdə federasiyanın rəhbəri Namiq Abdullayevin güləşdə qazandığı böyük uğurlardan danışıb. Artıq onun təcrübəsindən millimizin baş məşqçisi kimi yararlandığını qeyd edərək qarşıdan gələn yarışlarda, xüsusən də lisenziya turnirlərində və olimpiadada uğurlar arzulayıb.

Sonra çıxış edən yubilyar təbrikə və göstərilən diqqətə görə minnətdarlığını bildirib və geridə qalan 50 ildə üzləşdiyi çətinliklərlə yanaşı, qazandığı uğurlardan danışıb. 2007-ci ildən bu yana AGF-də baş verən kəskin dəyişikliklərdən sonra, bütün problemlərin həll olunduğunu, federasiyanın diqqət və qayğısı nəticəsində olimpiadalarda, dünya və Avropa çempionatlarında böyük uğurların qazanıldığını qeyd edib.

Xatırladaq ki, Atlanta-1996-da gümüş, Sidney-2000-də qızıl medal qazanan Namiq Abdullayev qitə və dünya çempionatlarında ümumilikdə 10 dəfə fəxri kürsüyə qalxıb. Avropada 3 dəfə himnimizi səsləndirən ünlü güləşçi, elə bu sayda dünya çempionatında gümüş medala yetişib.

AMİNA-nın kollektivi, öz növbəsində, yubilyarı təbrik edir, ona yeni karyerasında da uğurlar arzulayır.

Paylaş: