Yaşasaydı, 71 olacaqdı…

Bu gün görkəmli ziyalı, SSRİ idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, milli idman növləri assosiasiyasının təsisçisi və ilk prezidenti, “Tərəqqi” medalının sahibi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi2, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovun doğum günüdür. 

O, 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan dövlət bədən tərbiyəsi institutuna daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi alıb. 1972-ci ildə həmin ali məktəbi bitirib. 1977-ci ildə “Güləşmə və onun metodikası” kafedrasının baş müəllimi təyin olunub.

1982-ci ildə ümumittifaq dərəcəli hakim adına layiq görülüb. Sonra 1986-cı ildə ümumittifaq bədən tərbiyəsi elmi – tədqiqat institutu (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alıb, 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlib. 1988-ci ildə məşqçilik fakultəsinin dekan müavini təyin olunub. 1989-cu ildə “Güləşmə və onun metodikası” kafedrasının müdiri seçilib. O, ömrünün sonunadək bu vəzifəni icra edib.

1990-cı ildə Azərbaycan milli idman növləri assosiasiyasının prezidenti, milli olimpiya komitəsinin üzvü, Azərbaycan güləş federasiyasının üzvü, Bakı şəhər sovetinin deputatı (1990-1995) seçilib. 1993-cü ildə Beynəlxalq güləş federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilib, 1994-cü ildə professor dərəcəsinə yüksəlib. 1994-2007-ci illərdə AGF-in icraiyyə komitəsinin üzvü olub. 1995-ci ildə İstanbul tibb universitetinin fəxri professoru kimi fəaliyyətini davam etdirir. 1995-2003-cü illərdə qadın güləş yığmsının baş məşqçisi olub. 1996-cı ildə olimpiya akademiyasının vitse-prezidenti seçilib.

2001-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü olub, 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın beynəlxalq dərəcəli hakimi və Əməkdar bədən tərbiyəsi və idman xadimi dərəcəsinə nail olub. 2007-ci ildən Azərbaycan zorxana idman federasiyasının prezidenti kimi fəaliyyətini davam etdirib. Xanlar Qurbanov 200-dən çox elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

2020-ci ilin avqustun 8-i Qurbanovlar üçün kədərli günlərdən birinə çevrildi. Həmin gün böyük pedaqoq gözlərini əbədi yumdu. O aramızda olmasa da, ruhu daim bizimlədir. Onun davamçıları Xanlar müəllimimn yoxluğu hiss etdirməməyə çalışırlar. Uzun illər dərs dediyi Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında əsaslı təmirdən sonra istifadəyə verilən güləş zalında böyük pedaqoqun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Onun xatirəsi tələbələrinin qəlbindədir. Təsis edib, qurub inkişaf etdirdiyi Azərbaycan milli idman növləri assosiyasiyası indi də etibarlı əldədir. Yeganə varisi, davamçısı Kazım Qurbanov atasının işini daha genişləndirmək niyyətindədir.

Allah rəhmət eləsin! Məkanı Cənnət olsun!

Paylaş: