AMİNA-ya yeni prezident seçildi
Bu il 70-illik yubileyini qeyd edən AMİNA prezidenti Xanlar Qurbanov hələ çox yaşayıb yaradacaqdı. Amma dünyanı qəfil cənginə alan və hələ də çarəsi tapılmayan “taclı bəla” ona da qıydı, hamımızın sevimlisi avqust ayında gözlərini əbədi yumdu. Ümidverici odur ki, məşhur pedaqoqun arsuzu ürəyində qalmayacaq. Çünki onun da işini uğurla apara biləcək layiqli davamçısı – Kazım Qurbanov var.
Avqust ayında Xanlar Qurbanovun vəfatından sonra, bu vəzifəni 2012-ci ildən vitse-prezident kimi o yerinə yetirib. Uzun illər təşkilata rəhbərlikdə böyük təcrübə toplayan, öz bacarığı ilə fərqlənən gənc mütəxəssis, ötən il “Əməkdar məşqçi” fəxri adına layiq görülüb. Noyabrın 12-də təşkilatın qərargahında seçki keçirildi. Toplantıdan öncə professorun məzarı ziyarət olundu, ruhuna dualar oxundu. Üzvlərin rəyi nəticəsində Kazım Qurbanovun namizədliyi irəli sürüldü və yekdilliklə AMİNA-nın yeni prezidenti seçildi.
Toplantıda rəhbərliyinin yeni tərkibi də müəyyənləşdi: 1-ci vitse-prezident Cavanşir Qurbanov, vitse-prezidentlər – Məmmədvəli Müstafayev, Şamil Əlifov, Cəlal Qurbanov, Mehman Qasımov, Yusif Mehdizadə, Hacımurad Əliyev və Samir Abdullayev. Baş katibliyə Seymur Qurbanov seçildi. İdarə heyətinə bu şəxslərdən savayı, baş məqşçi Ağayusif Qurbanov, Fərhad Ocaqverdiyev, Ələkbər Ələvsərov, Samir Osmanov və Sədra Quliyev daxil oldular.