AZƏRBAYCAN MILLI İDMAN NÖVLƏRI

Milli oyunlar bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Bunun da əsas göstəricisi fərdin fiziki imkanları və ilk növbədə, gücü idi. Əslində, yaşamaq uğrunda mübarizənin əbədi həqiqəti güləşi tam mənada idman və əyləncə hadisəsi olmasına imkan verməyəcək. Elə bu günün özündə də, kosmos və atom eralarında , milli növümüzün əsas bazası sayılan güləş böyük tarixi missiyanın daşıyıcısıdır. «İgidlik ondur, doqquzu qaçmaq» məsəlinin həqiqət tarixçəsinə rəğmən, milli kökə bağlılıq güləşin Azərbaycandakı ənənələrini və rolunu zərrə qədər də azaltmayıb.

Elə bu günün özündə hansı obaya, oymağa, kəndə ayaq qoysan, təfəkkürün, təlim-tərbiyə, mühit və sosial davranış həqiqətlərinin qoçaqlıq və igidlik ruhuna söykənən pəhləvanlıq üzərində qurulduğunu əyani hiss edə bilərsiniz. Obrazlı desək, indinin özündə də kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür. Bu, minillərdən bəri torpağı şərqdən qərbə, cənubdan şimala və əksinə, qərbdən şərqə, şimaldan cənuba doğru axınların mərkəzində yerləşən Azərbaycan üçün milli özünüqoruma instinkti olub və belə də qalır.

1990-cı ildə əsası görkəmli pedaqoq Xanlar Qurbanov tərəfindən qoyulan Azərbaycan milli idman növləri assosiasiyasına 5 milli növ – güləş, çövgən, nərd, mütəhərrik oyunlar və zorxana daxil olub. Assosiasiya şəhər və rayonlarda yeni bölmələrin yaranması və fəaliyyəti, bu idman növlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər aktual məsələlərin həllində fəal iştirak edir.

Böyüməkdə olan gənc nəslin fiziki hazırlığını təmin etmək, onların əməyə  və ölkənin müdafiəsinə hazır olmaları naminə, assosiasiya təhsil nazirliyi qarşısında milli güləşin ümumtəhsil məktəblərinin bədən tərbiyəsi proqramına saldırılmasına 1992-ci ildə və 2009/10-cu tədris ilindən etibarən, zorxana və pəhləvan güləşinin Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında fənn kimi tədris olunmasına nail olub.
AMİNA-da aparıcı növlər əsasən zorxana və pəhləvan güləşidir. 2007-ci ildən Beynəlxalq zorxana idman federasiyalarına üzv olmuşuq. BZİF-ə 52 dövlət daxildir. Bu qurum tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycan milli komandası iştirak edir.
Hal-hazırda Assosiasiyanın tərkibinə milli güləş idman növü, milli qurşaq güləşi idman növü, zorxana və pəhlivan güləşi idman növü, nərd, milli mütəhərrik oyunlar, at üstu milli oyunlar, kəndirlə mübarizə idman növü, dünya xalqlarının ənənəvi güləş növləri , dünya xalqlarının ənənəvi intelektual oyunları, dünya xalqlarının ənənəvi oxatma növləri, Azərbaycanın və digər xalqların ənənəvi pəhlivanlıq növləri, mas-reslinq idman növü , alpaqut idman növü, kabbadi idman növü və Qalaqapı-qo idman növü daxildir.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.