18-19 iyun 2022-ci ildə Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qələbə” İdman Festivalı keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, “Qələbə” Ağır Atletika İdman Klubu və “Makkabi” Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda bilet satışından əldə edilən gəlir “YAŞAT” Fonduna köçürülmüşdür.
“Qələbə” İdman Festivalında ağır atletika, aykido, akrobatika gimnastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər. Qalib və mükafatçılar yekunda təltif olunublar.
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov açıqlamasında bildirib ki, yarışlar yüksək səviyyədə keçirilib.
İstərdik ki, növbəti yarışlarımızı işğaldan azad olunmuş torpaqlarımızda təşkil edək.