Bu gün AMİNA-nın mətbuat konfransı keçirilmişdir.Konfransın əsas məqsədi 21-28 iyun 2021-ci il tarixlərində Tatarstan Respublikasının Kazan şəhərində Kəmər güləşi üzrə dünya çempionatı və sumo üzrə gənclər və böyüklər arasında keçirilən Avropa çempionatının yekun nəticələri ilə bağlı olmuşdur. Giriş sözünü açan AMİNA-nın prezidenti Kazım Qurbanov bildirdi ki, AMİNA-nın tərkibində olan bu idman növləri üzrə milli yığma komandamız ölkəmizi üğurla təmsil etmişdir. İdmançılarımızdan Feyziyev Camal sumo güləşi üzrə +115 kq çəkidə III yerə, mütləq çəkidə I yerə,kəmər güləşi üzrə mütləq çəkidə I yerə, Əliyev Sadiq sumo güləşi üzrə U 21 gənclər arasında 77 kq çəkidə III yerə, Ələsgərov Kamal U 23 gənclər arasında 77 kq çəkidə III yerə, Abdullayev Xəyyam kəmər güləşi üzrə 70 kq çəkidə III yerə, Hacıyev Vəliş sumo güləşi üzrə gənclər arasında 92 kq çəkidə III yerə və kəmər güləşi üzrə 90 kq çəkidə III yerə layiq görülmüşlər. Yığma komandamız kəmər güləşi üzrə komanda hesabında II yeri tutmuşdur. Komandanın üzvü Feyziyev Camala kəmər güləşi üzrə mütləq çəkidə qalib gəldiyinə görə maşın hədiyyə edilmişdir. O,qeyd etdi ki, çempionatda Seymur Qurbanov və Rəsul Həsənov hakim qismində ədaləti qoruyublar.
Kazım Qurbanov xüsusilə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil ediblər.
Çıxışının sonunda Kazım Qurbanov Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpyia Komitəsinə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə idmançılara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.