İyulun 29-dan 31-dək Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Göygöl rayonunun Sarıyal nahiyəsində II Milli Yaylaq Festivalı keçirilir.

Festivalda “Yaylaq Oyunları” şərti adı altında qədim köklərə söykənən ənənəvi milli idman növləri üzrə yarışmalar, yorğa at yarışları, atüstü oyunlar və nümunəvi çıxışlar təşkil olunub. Həmçinin milli güləş, qurşaq güləşi, zorxana, nərd yarışları keçirilib.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov milli idman növləri ilə bağlı məlumat verib: “Milli idman növlərimizi ölkəmizin sərhədlərindən kənarda da təbliğ etmək üçün əlimizdən gələni edirik. Hazırda bu festivala xarici ölkələrdən gələn turistlər də var. Onları milli idman növlərinin tarixi barədə məlumatlandırmışıq. Assosiasiya olaraq fəaliyyətimizi daima genişləndirməyə çalışırıq. Bu mənada bu festivalın keçirilməsi bizim üçün əla fürsətdir”.

Burada müxtəlif idman növləri üzrə federasiyaların stendləri qurulub. Festival iştirakçıları ilə yanaşı, həmin növlə məşğul olan idmançılar da öz maraqlı çıxışlarını nümayiş etdirirlər. Milli idman növlərini təmsil edən idmançıların göstərdiyi nümunəvi çıxışlar da böyük maraqla qarşılanıb.

Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, etno idman növlərinin inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə keçirilən festivalda yerli əhali ilə yanaşı 19 ölkədən, o cümlədən, Türkiyə, Pakistan, Hindistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edir.

Festivalın ikinci günündə açılış mərasimi və konsert proqramı təşkil edilib.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.