Sentyabrın 12-dən 17-dək İçərişəhərdə ağsaqqallar arasında gedən “Oyunçu aparsın” adlı nərd yarışmasının final oyunu başa çatıb.
Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu maraqlı yarışda ümumilikdə otuz iki ağsaqqal olmaqla “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, İçərişəhərin, Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak edib. Final oyununun qalibi və iştirakçıları mükafatlarla təltif edilib.
Tədbir zamanı Gənclər İdman naziri Fərid Qayıbov və “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə iştirakçılara dəstək olmaq üçün nərd oynayıblar.
Ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədi ilə keçirilən yarış həm sakinlər, həm də şəhərimizin qonaqları tərəfindən maraqla izlənilib.
Turnir “İçərişəhər” Ağsaqqallar Şurası, “Üçüncü Bahar” İctimai Birliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşəbbüsü, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi, Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə təşkil edilmişdir.