Sentyabrın 3-dən 11-dək Rusiyanın Kazan şəhərində I MDB Oyunları keçiriləcək.
İlk dəfə keçiriləcək oyunlarda 16 idman növü üzrə 1172 idmançı mübarizə aparacaq. 14-23 yaş arası idmançılar arasında keçiriləcək MDB Oyunlarının proqramında Koreş və Kəmər güləşi də yer alıb. Koreş üzrə yarışlarda 21 yaşadək idmançılar çıxış edəcək. Kəmər güləşi üzrə mübarizə isə 20 yaşadək olan pəhləvanlar arasında baş tutacaq.
Sentyabrın 5-də kəmər güləşlə məşğul olanlar xalça üzərinə çıxacaq. Növbəti gün isə koreş üzrə yığmamız qüvvələrini sınayacaqlar. Görüşlər Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:00-da start götürəcək.
Kəmər güləşi üzrə gənclərdən ibarət millimiz böyük məşqçi Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Nahid Vəliyev (57 kq), Məhərrəm Eyvazov (68 kq), Sənubər Nəbiyeva (66 kq), Aytəkin Paşazadə (76 kq) yer alıb.
Koreş üzrə gənclərdən ibarət millimiz böyük məşqçi Fərhad Ocaqverdiyevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Elvar Nəhmətzadə (60 kq), Həsən Ağazadə (65 kq), Əlisəftər Məmmədli (85 kq), Camal Feyziyev (Mütləq çəki) yer alıb.
Beynəlxalq dərəcəli hakimlərimizdən Seymur Qurbanov və Rəsul Həsənov I MDB Oyunlarında ədaləti qoruyacaq.