Sumo

Qədim rəvayət, indiki yapon xalqını mövcud olmasını məhz sumo ilə bağlayır. Əfsanə görə, Takamikadzuti barbarların öndəri ilə təkbətək döyüşüb. Onun qələbəsi sayəsində yaponlar hazırkı Honsü adası ərazisində məskunlaşmaq hüququ qazanıblar.

Yaponların “Müvəqqəti illər povesti”ndə, Avropa üslubuna görə, eramızdan əvvəl 230-cu ildə imperatorun iştirakı ilə keçirilmiş təkbətək döyüş, milli güləş üzrə ilk yarış kimi qeyd edilir. İdzumo əyalətindən olan Nomino Sukune öz rəqibini qabırğalara vurulan ayaq zərbələri ilə sarsıtmışdı, indi bu fənd müasir sumoda qəti qadağandır.

Sumo haqqında olan ilk mötəbər tarixi məlumatlar VII əsrin ortalarına aiddir. 642-ci ilin ikinci ayında, imperator sarayında Koreya səfirinin şərəfinə güləş yarışı keçirilmişdi. O vaxtdan imperatorun himayəsi altında hər il payız çöl işləri sonunun bayramı günlərində yarışlar təşkil edilirdi. İlk təkbətək döyüşlər idman mahiyyətli deyil, dini əhəmiyyət daşıyırdı. O döyüşlər ayin rəqslərilə, dualarla və dini mövzularda hazırlanmış teatr tamaşaları ilə müşayiət olunurdu.

Sumo texnikası öz incəliyi ilə fərqlənmirdi: güləşin tullama və tutma fəndləri boks elementləri ilə uyğun gəlirdi, qadağan edilmiş fəndlər isə əməli olaraq yox idi. Sumonun əsas qaydaları və hakimlik sistemi Heyan dövründə (794-1185-ci illər) formalaşır. Güləşçilərə rəqibin saçından yapışmaq, təpikləmək və başına yumruqlar vurmaq qəti qadağan olunur. Pəhləvanın geyimi – bud üstünü örtən sarğı olur.

Hərbi zümrənin güclənməsi və İmperator hakimiyyətinin zəifləməsi ilə sumonun rolu da ciddi şəkildə dəyişir. Yarışlar dini əhəmiyyətini itirir və getdikcə az-az keçirilməyə başlayır. Yaponiyanın daxili müharibələrlə parçalandığı Kamakura və Muromati dövründə (1192-1573 illər), sumo fəndləri əsgərin tərbiyəsi və döyüşdə tətbiq olunması üçün istifadə olunur. Hakimlərin bu günkü dəbdəbəli geyimləri (“qyodzi”) bizə o vaxtları xatırladır.

Müasir sumo öz mənbəyini Edo dövründən (1603-cü ildən sonra) götürür. XVII əsrin əvvəlində, arası kəsilməyən daxili müharibələr nəticəsində gücdən düşmüş Yaponiyada sülh quruldu. Ticarət üçün əlverişli şərait yaradıldı, tacirlər sinfi gücləndi. Yeni qüdrətli zümrə yeni əyləncə axtarır və sumo güləşi ən sevimli məşğuliyyətə çevrilir. Məhz Edo dövründə 70-ə yaxın qanuni fənd (tullamalar, badalaqlar, qarmaq fəndləri, tutmalar, itələmələr və s.) qəti olaraq rəsmiləşdirildi, ayin təsdiqləndi, əməli olaraq bu günümüzə qədər dəyişilməmiş şəkildə gəlib çıxan yarış qaydaları təkmilləşdirildi.

Edo dövründə indiki güləşçi ierarxiyası tərtib olunur, böyük çempion – yokodzuna rütbəsi tətbiq edilir. Ölməzlər yığıncağına ilk dəfə Akasi Siqanosuke daxil edilir. XVIII əsrin ortalarında hər il Osaka və Edoda (Tokio) iki güləş yarışının keçirilməsi ənənəsi meydana gəlir.

Milli yapon güləşi Meydzi Bərpa dövründə öz çətin vaxtlarını yaşayıb. 1868-ci ildə dünyadan min illər boyu təcrid olunmuş ölkənin kəşfi baş verdi və Yaponiyaya “dənizin o tayından” gətirilən mallarla birgə yeni əyləncələr də soxuldu. Yeni burjuaziya sumonu feodalizmin qalığı elan etdi və “tərəqqi düşmənləri”nə qarşı təqiblər başlandı. Mesenatların dəstəyindən məhrum olan pəhləvanlar, əsl sənətlərindən uzaq məşğuliyyətlərlə öz düyülərini qazanmağa məcbur olurdular. 50 sumotoridən ibarət yanğınsöndürmə dəstəsi bütün Yaponiyaya səs salmışdı.

Milli güləşi unudulmaqdan xilas edən sadə xalqın sevgisi və imperatorun şəxsi dəstəyi oldu. Yarışlar tezliklə bərpa olundu və hətta dünya müharibələri zamanında da dayandırılmadı.