Yaranma tarixi

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Odlar yurdunda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, onlara daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi bahadırlarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir.

Sovetlərdə o qədər də məşhur olmayan milli idman növləri, çağdaş dönəmdə sürətlə inkişaf etməyə başlayıb. Əlbəttə, müstəqillik qazandıqdan sonra Azərbaycan, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, ölkənin simasına çevrilən növlərə dəstək verilməsi vacibdir. Bunu, ilk olaraq, həmişə düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları ilə seçilən Xanlar Qurbanov etdi. Təcrübəli müəllim yeni yaranan Azərbaycanı dünya idman aləminə tanıtdırmaq üçün, milli idman növləri assosiasiyasının yaradılmasını lazım bildi.

Beləliklə, AMİNA-nın əsası qoyuldu: Azərbaycan SSR nazirlər sovetinin 6 iyun 1990-cı il 246 №li qararına müvafiq olaraq, assosiasiya iştirakçılarının təsis konfransının 25 aprel qərarı ilə yaradıldı. AMİNA nizamnaməyə  uyğun, respublikada milli idman növlərinin inkişafını həyata keçirən və idarə edən xeyriyyəçi, könüllü və ictimai idman təşkilatıdır. Assosiasiya hüquqi şəxs olaraq öz möhürü, bankda hesabı, ştamp və atributikasına malikdir. Birliyə 5 milli idman növü – güləş, zorxana, nərd, atüstü və  mütəhərrik oyunlar daxildir. AMİNA onun üzərinə düşən vəziflərlə birlikdə aşağıdakı funksiyaları yerinə yetirir:

– Milli idman növlərinin inkişaf etdirilməsinin məqsədyönlü kompleks proqramını  hazırlayır və reallaşdırır;
– Milli idman növləri üzrə idman yarışlarının qaydalarını proqramını və ölkə daxili  yarışların əsasnamələrini  hazırlayır təsdiq edir;
– Ölkə ərazisində milli  idman növləri üzrə respublika və beynəlxalq yarışları təşkil edir və keçirir;
– Digər təşkilatlarla  birlikdə beynəlxalq tədbirlərdə və proqramlarda iştirak edir;
– Azərbaycan respublikası gənclər və idman nazirliyi ilə birlikdə «Assosiasiyaya daxil olan milli idman növləri üzrə yığma komandalar   haqqında əsasnamə»ni təsdiq edir;
– Milli idman növləri üzrə idman təsnifatı normativlərini və tələblərini işləyib hazırlayır  və təsdiq  üçün gənclər və idman nazirliyinə təqdim edir;
– Milli – xalq idman növləri üzrə beynlxalq miqyasda assosiasiyanın maraqlarını təmsil edir;
– Digər ölkələrdə analoji assosiasiyalarla, federasiyalarla, əməkdaşlıq edir;
– Məşqçi kadrların və digər  mütəxəssislərin hazırlanması, seçilməsi işində iştirak edir, ali məktəbdə təhsil alan milli idman növləri üzrə qabiliyyətli tələblər üçün təqaüd təyin edir.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.