Xanlar Kazım oğlu Qurbanov

Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Bunun da əsas göstəricisi fərdin fiziki imkanları və ilk növbədə, gücü idi. Obrazlı desək, indinin özündə də kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür.

SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, Milli idman növləri assosiasiyasının prezidenti, olimpiya akademiyasının vitse-prezidenti, Avropa beynəlxalq zorxana konfederasiyasının 1-ci vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanov 1950-ci ildə yanvarın 20-də Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan dövlət bədən tərbiyəsi institutuna (indiki  – AzDBTİA) daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi alıb. 1972-ci ildə həmin ali məktəbi bitirib. 1977-ci ildə “Güləşmə və onun metodikası” kafedrasının baş müəllimi təyin olunub. 1982-ci ildə ümumittifaq dərəcəli hakim adına layiq görülüb. Sonra 1986-cı ildə ümumittifaq bədən tərbiyəsi elmi – tədqiqat institutu (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alıb. 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlib və məşqçilik fakultəsinin dekan müavini təyin olunub. 1989-cu ildən “Güləşmə və onun metodikası” kafedrasına 1989-cu ildən isə dossent elmi adına layiq görülməklə güləş kafedrasına rəhbərlik etməyə başlayıb və ömrünün sonunda kimi bu vəzifədə çalışıb.

O, 1990-cı ildə Azərbaycan milli idman növləri assosiasiyası təsis edib və ilk prezidenti seçilib. Milli olimpiya komitəsinin üzvü, Azərbaycan güləş federasiyasının üzvü, Bakı şəhər sovetinin deputatı (1990-1995) olub. 1993-cü ildə Beynəlxalq güləş federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilib, 1994-cü ildə professor dərəcəsinə yüksəlib. 1994-2007-ci illərdə AGF-in icraiyyə komitəsinin üzvü olub. 1995-ci ildə İstanbul tibb universitetinin fəxri professoru kimi fəaliyyətini davam etdirib. 1995-2003-cü illərdə qadın güləş yığmasının baş məşqçisi olub. Bu vəzifəyə təyin olunduqdan 1 il sonra, Bolqarıstan paytaxtı Sofiyada keçirilmiş dünya çempionatında Mətanət Süleymanova bürünc medal uğrunda görüşdə yaponiyalı Riyoko Sakaeya məğlub oldu və 4-cü yeri tutub (əvvəllər 3-cü yer üçün 1 görüş olub). Bu, həmin dönəmdə yeni müstəqillik qazamış Azərbaycan üçün, dünya güləş ekspertləri tərəfindən böyük nəticə sayılıb. Ümumən, Xanlar Qurbanovun baş məşçilik etdiyi bu 8 ildə dünya və Avropa çempionatlarında idmançılarımız daim ilk onluqda qərarlaşıb.

1996-cı ildə olimpiya akademiyasının vitse-prezidenti seçilib. 2001-ci ildə ölkə başçısı İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Elə həmin ildə Yeni Azərbaycan Partiyasının üzvü olub. 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın beynəlxalq dərəcəli hakimi olub. Azərbaycan prezidentinin digər sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görüküb. 2007-ci ildən Azərbaycan zorxana idman federasiyasının prezidenti kimi də fəaliyyət göstərib. Xanlar Qurbanov 200-dən çox elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir.

Onun ölkə idmanına son böyük töhfəsi, zorxananın 2017 -ci ildə Bakıda keçirilmiş 4-cü İslam həmrəyliyi oyunlarının proqramına salınması oldu. Xanlar müəllimin səyi, yorulmaz fəaliyyəti, uzaqgörənliyi və düzgün siyasəti nəticəsində bu milli idman növü dünyada daha məşhurlaşdı. Çıxışlar ölkə rəhbərliyi və qonaqlarda maraqla qarşılandı, tamaşaçılarda yüksək ovqat yaratdı. Rəqabətdən xoşlanan qardaş Türkiyə növbəti, Konya-2021 İslamiadasına da zorxana və pəhləvan güləşinin yer almasını istəyib.

2020-ci ilin avqustun 8-i Qurbanovlar üçün kədərli günlərdən biridir. Həmin gün böyük pedaqoq gözlərini əbədi yumdu.

Allah rəhmət eləsin! Məkanı Cənnət olsun!