Zorxana

Bu idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Zor – “güc”, xana isə – “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə gedib çıxır. Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub.

Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış. Zorxanalarda nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadənin məşqləri keçirilərmiş. İdman növü kimi isə “Zorxana”, yalnız 17-18-ci əsrlərdə Pur Vəli tərəfindən yaradılıb. O, əslən gəncəli olub.

Zorxana idman yarışları 3 gün sürür. İlk gün komanda yarışı olur. Burada tərkib 7 nəfərdən ibarətdir. Bir nəfər kapitandır. Kapitan “miyandar” – yəni “ortaçı” adlanır və ortada hərəkətləri göstərir. Digər 6 idmançı onunla sinxron olaraq bu hərəkətləri təkrarlayırlar.

“Bu hərəkətlər indiki güləşin “can qızdırmaları”ndan ibarətdir. Əvvəlcə güləş elə zorxananın daxilində olub” – deyir kapitan.

İkinci gün fərdi çıxışlar başlanır. İdmançılar ayrı-ayrı növlərdə qarşılaşırlar. İlk olaraq mil alətləri nümayiş etdirilir. Bu, qılınc və toppuzun məşqidir. Millər müxtəlif çəkilərdə olur. 2 kiloluq “milbazi”dən tutmuş, 20 kiloluq “milsəngi”yə qədər.

İkinci növün adı “Kəbbadə”dir. Burada zəncirə oxşar dəmir alət idmançı tərəfindən saga-sola yellədilir. Bu yay və oxun məşqidir. Kəbbadə ox atmaqda qolları gücləndirir.

Üçüncü növ “səng” daşlarıdır. Səng daşları qalxanın məşqidir. Bir səng daşı 20 kilodur.

Dördüncü növ “çərxitiz”dir. Çərxitiz zamanı idmançı bir dəqiqə ərzində, yarim metr dairə radiusunda surətlə fırlanmalıdır.

Növbəti isə, “çərxiçəməni”dir. Bu zaman isə idmançı daha böyük radiusda 3 dəqiqə fırlanmalıdır.

Mücadilənin sonuncu günü zorxana güləşi baş tutur. Bu güləş növü sərbəst güləşə bənzəsə də, ondan iki fərqi var. Birinci fərq, geyinilən şalvardır. Dizdən olan bu şalvar “nəti” adlanır. İkinci fərqi, bir idmançının kürəyi yerə dəyirsə, oyun bitir və o məğlub olur.